16 yaşlı qız uşaq nikahının qurbanı olaraq əri tərəfindən öldürüldü
Uşaq nikahının qurbanı olan 16 yaşlı bir qız Əcəbşir şəhərində 27 yaşlı əri tərəfindən taxta çubuqla vurularaq öldürülüb. Bu kişi üçün qurban ikinci həyat yoldaşı idi. Onun əvvəlki evliliyində də ailədaxili zorakılıq halları olmuş, birinci həyat yoldaşı döyülmə və zorakı davranışlara görə ondan ayrılmışdı.
Daxili mediaya istinadən verilən məlumata görə, Əcəbşir polis idarəsinin rəisi bildirib ki, xəstəxananın “şübhəli ölüm” barədə məlumatından sonra polis hadisə yerinə gəlib. Cinayət-axtarış idarəsinin apardığı araşdırmalar nəticəsində məlum olub ki, yeniyetmə qız ərinin vurduğu ağır zərbələr nəticəsində həyatını itirib. Şübhəli şəxs həyat yoldaşını xəstəxanaya çatdırdıqdan sonra hadisə yerindən qaçsa da, üç saatdan az müddətdə saxlanılıb.
“İranWire”ə daxil olan eksklüziv məlumatlara görə, bu kişinin zorakı davranışları əvvəlki ailə həyatında da mövcud olub və birinci həyat yoldaşı məhz bu səbəbdən ondan ayrılmışdı. Buna baxmayaraq, uşaq nikahına qarşı qoruyucu mexanizmlərin və çəkindirici qanunların olmaması Məryəmin qurban olmasına zəmin yaradıb.
Polisin bildirdiyinə görə, şübhəli şəxs dindirilmə zamanı etiraf edib ki, “ailədaxili mübahisə” zamanı yeniyetmə həyat yoldaşını taxta çubuqla döyüb və o huşunu itirdikdən sonra xəstəxanaya aparıb. Lakin aldığı ağır xəsarətlər onun ölümünə səbəb olub. İş üzrə materiallar tamamlandıqdan sonra məhkəmə baxışı üçün göndərilib.