Delara Cəhandidənin qətl işi üzrə məhkəmə prosesində ədliyyə sisteminin maneələri
Cəhrəm şəhərindən olan 38 yaşlı gənc qadın Delara Cəhandidə 7 esfənd 1403-cü il axşam saatlarında həyat yoldaşı tərəfindən soyuq silahla hücuma məruz qalaraq kəllə sümüyünün sınması nəticəsində komaya düşüb. O, iki gün sonra kəllə və beyin toxumasına dəyən ağır zədələr səbəbindən həyatını itirib və iki azyaşlı övladını yetim qoyub.
Delara Cəhandidənin ailəsi bildirir ki, o öldürülməzdən əvvəl də keçmiş həyat yoldaşının zorakılığı və davamlı təhdidləri ilə bağlı məhkəmə orqanlarına müraciət etmişdi. Onlar qətldən dərhal sonra şikayət qaldıraraq təqsirləndirilən şəxs üçün “ən ağır cəza”nın tətbiq edilməsini tələb ediblər.
Cəhandidə ailəsinə yaxın bir mənbə “IranWire”ə bildirib: “Vəkilimiz olsa da, Delaranın anası – qanuni varis kimi – məhkəməyə dəfələrlə müraciət etsə də, buna əhəmiyyət verilməyib. Dəfələrlə işə baxılacağı vədi verilsə də, iş faktiki olaraq dondurulmuş və qeyri-müəyyən vəziyyətdə saxlanılıb.”
Mənbənin sözlərinə görə, ötən il Cəhrəmin prokuroru dəyişdirildikdən sonra iş yeni prokurora verilib və o, zərərçəkmiş tərəfin nümayəndələri ilə empatiya göstərmədən tez-tez “biz öz işimizi bilirik” deməklə kifayətlənir.
Bu məlumatlı şəxs bildirib ki, Cəhrəm məhkəməsinin sədri və prokuror iş üzrə detallar üzərində daha çox “bəhanə” kimi görünən iradlar bildirirlər: “Baxmayaraq ki, qətl niyyəti iş materiallarında aydındır, deyirlər ki, niyə məhkəmə-tibbi ekspertiza hesabatında qatilin ‘cinayəti törədərkən’ psixi sağlamlığının yerində olduğu yazılmayıb. Halbuki Delaranın keçmiş həyat yoldaşının zorakı davranışları ilə bağlı əvvəlki şikayətləri məhkəmə materiallarında mövcuddur və küçədəki müşahidə kamerası hadisəni saat və detallarla qeydə alıb.”
Mənbənin sözlərinə görə, məhz bu ifadənin hesabatda yer almaması səbəbindən son bir il ərzində iş dəfələrlə Şiraz və Cəhrəm arasında göndərilib: “Vəkil xərcləri və Delaranın uşaqlarının qəyyumluğu ilə bağlı proseslər üçün böyük məbləğdə pul xərclənib. Amma hələ də yekun hökm və nəticə gözləyirik. Qatil ifadəsində etdiyi əməldən zərrə qədər peşman olmadığını və yalnız diyə ödəməyə hazır olduğunu deyib, lakin ailə yalnız ən ağır cəzanın verilməsini tələb edir.”
Delara Cəhandidə uzun müddət zorakılıqla dolu bir münasibətdə yaşayırdı və iqtisadi cəhətdən müstəqil olmadığı üçün bu evliliyi davam etdirməyə məcbur olmuşdu.
Öldürülməsindən üç ay əvvəl o, nəhayət keçmiş həyat yoldaşını qarşılıqlı razılıq əsasında boşanmaya razı sala bilmişdi, lakin yekun məhkəmə qərarı hələ çıxarılmamışdı və o, zorakılıq olan evə qayıtmağa məcbur idi.
Qətldən iki ay əvvəl isə həyat yoldaşı Delara otaqda dincəldiyi vaxt ona hücum edərək boğazını sıxmış, yalnız onun öldüyünü zənn etdikdən sonra buraxmışdı.
Bu hadisədən sonra Delara ailəsi ilə birlikdə məhkəmə-tibbi ekspertizaya müraciət etmiş və həyatının təhlükədə olduğunu göstərən bütün sübutlar rəsmi şəkildə qeydə alınmışdı. Lakin bütün hüquqi prosedurların yerinə yetirilməsinə baxmayaraq, onun təhlükəsizliyinin təmin edilməsi üçün heç bir tədbir görülməmişdi.
Delaranın həyat yoldaşı Kazım Mahmudi, qadın uşaqları ilə birlikdə evi tərk etdikdən sonra dəfələrlə onu öldürmə və üzərinə turşu tökməklə hədələmişdi. Delara ayrılmaq qərarına gəldiyi üçün özünün və övladlarının dolanışığını təmin etmək məqsədilə yaşadığı Cəhrəm şəhərində bir restoranda işçi kimi çalışırdı.
Çərşənbə axşamı, 7 esfənd axşamı o, valideynlərinin evinin qarşısında həyat yoldaşı tərəfindən ağır yaralanıb. Aldığı zərbələr nəticəsində kəllə sümüyü parçalanmış, hər iki qolu isə sınmışdı. Hadisə anını əks etdirən görüntülər “IranWire”in ixtiyarına verilib.
Kazım Mahmudi Delaranın ölümündən sonra iki gün qaçdıqdan sonra, 9 esfənd 1403-cü il axşamı saxlanılıb.